Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
XOCALILAR ÜÇÜN İZTİRABLARLA KEÇƏN MƏŞUM FEVRAL AYI

0

  • Fevral ayı xocalılar üçün illər ötsə də, ən ağrılı günlərin yaşandığı ay kimi öz mənfi ab-havası ilə daxil olur. Bu qısa ay əslində Xocalı sakinləri
    üçün mənəvi iztirabları ilə ən uzun ay kimi ötüşür. Qaysaq bağlamayan yaralar
    fevral ayında yenidən şiddətlənir. Görünür, hər fevral ayı Xocalı soyqırımının ağrı-acılarını ağır çəkic kimi yaddaşımıza
    daha dərindən möhürləyəcək. Nə qəribə qismətdir ki, Xocalı soyqırımının hər
    ildönümündə göylərdən asılı qalan qar dənə-dənə də olsa özünü yetirərək o
    müdhiş, qarlı-şaxtalı gecənin təəssüratlarını yaşadır. Sanki dəhşətli bir filmin bütün səhnəsi yenidən
    canlanır, baş verən hadisələrin təbii olması üçün təbiət də öz məharətini
    göstərir. 

     Xocalıdan
    olan gənc şair Şəhriyar Allahyaroğlu öz feysbuk səhifəsində yazır:

    Hər il fevral ayı gələndə biz xocalıların qaysaq
    tutmayan yarası yenidən qanayır. Bu ay xocalılar üçün matəm ayıdır. Fevral ayı
    şəhid şəhərin əhalisi heç bir xeyir iş tutmur. Yenə hamı qəmgindir. Övlad itirmiş
    analar, qardaş itirmiş bacılar, valideyinlərini itirmiş övladların göz yaşları
    yenidən yanaqlardan süzülərək üzlərdə açdığı çuxurlarla üzü aşağa süzülür.
    Xocalıda qalan doğmalarının ölüb qalmağından xəbəri olmayan insanlar hələ də
    ümidlə yol gözləyirlər. Bu dərd ilə dünyasını dəyişənlər az deyil...

    Səkkiz gün erməni zindanında amansız işgəncələr çəkmiş
    Dürdanə Ağayeva da fevral ayında 31 əvvəl Xocalıda çəkdiyi müsibətləri daha da
    dərin təəssüratlarla xatırlayır:

    Mənim fikrimcə fevral ayını bütün xocalılar sevmir.
    Qar görəndə məni həyəcan boğur, özümü qəribə hiss edirəm. Bu qarlı-şaxtalı
    Xocalı soyqırımı gününün təhtəlşüurumda qoyduğu acı izlərin təsirindəndir. Təqvim
    fevralın 1-ni göstərəndə yenə dərin fikrə getdim. Fikrim, xəyalım Xocalıya
    qayıtdı. 31 il bundan əvvəl fevral ayı girəndə gecə qaranlıqda oturmuşduq.
    Mühasirə şəraitində idik. Müharibə gedirdi, çətin günlər yaşayırdıq. Fevral
    ayının 1-i, 2-si,....25-i hansı işləri görürdük fikirləri ilə yaşayıram. Şəxsən
    mənim keçirdiyim hisslər belədir. İstəyərdim ki, fevral ayı təqvimlərdən
    yığışsın. Fevralın 24-ü mən Xocalıda poçtda növbədə qalmışdım. Anam da yanımda
    idi. Çağırış mübarizəsi aparırdıq. Telefonçuları yığırdıq, rabitə ilə kömək
    çağırırdıq. Sonra da əsirlik həyatımın dəhşətləri gəlir gözlərimin önünə. Bizə
    düşmənin ən alçağı, ən murdarı qismət oldu...

    Fevral ayı xocalılar üçün nə qədər uzun və
    iztirablı olsa da, onları bu kədər içində xoş gələcəyə ümidləndirən səbəblər də
    çoxdur. Vətən müharibəsində Xocalı cəlladları məhv edilməklə alışıb yanan qisas
    hisslərimiz bir az səngimiş oldu. Artıq xocalılar Ağdamın Şəhidlər Xiyabanında
    dəfn edilmiş doğmalarının qəbirlərini ziyarət edə bilirlər. Düzdür, qəbirlər
    viran olunub, tanınmaz haldadır. Amma iyirmi səkkiz ildən sonra ilk dəfədir ki,
    şəhidlərimizin dəfn olduqları torpaqlarda onların ruhları ilə görüşdük. Bu,
    “heç olmasa şəhidimin məzarını ziyarət edərdim” deyən, Xocalı soyqırımı abidəsi
    önündə göz yaşları axıdaraq həsrət alovunu səngidən şəhid ailələri üçün böyük təsəllidir.


    Ağdamın Şəhidlər Xiyabanından Xocalı torpaqları da
    görünür. Xocalıya gedən yollar çox qısalıb. Xocalının meşələrində, düzlərində şəhid
    olub qurda-quşa yem olan həmyerlilərimizin ruhlarının dolaşdığı bütün
    torpaqlara da qayıdacağıq. Zənnimcə, fevral ayının acı təəssüratları isə Xocalı
    soyqırımını yaşayan insanların yaddaşından heç vaxt silinməyəcək.

     Qalib
    BƏYMƏMMƏDOĞLU,

    “Xocalının səsi” qəzetinin redaktoru

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib41 dəfə
    XOCALILAR ÜÇÜN İZTİRABLARLA KEÇƏN MƏŞUM FEVRAL AYI

    Maraqlı gələ bilər
    0
    52
    18